Yol Hərəkəti Qaydaları

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu - Beşinci fəsil

Son yenilənmə: 11 Fevral 2026

Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları

I. Yol hərəkətinin iştirakçıları:

  1. yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər;
  2. yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar;
  3. yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar;
  4. yol örtüyünü zədələməməli və ya çirkləndirməməli, yol nişanlarını çıxarmamalı, qarşısını kəsməməli, zədələməməli, özbaşına yol nişanları, svetoforlar və hərəkətin təşkilinin digər texniki vasitələrini quraşdırmamalıdırlar;
  5. hərəkətə maneçilik törədən əşyaları və ya materialları ataraq, boşaldaraq və ya yolda qoyaraq yol hərəkətini çətinləşdirməməli və ya onun təhlükəsizliyi üçün qorxu törətməməlidirlər;
  6. yol hərəkəti qanunvericiliyinə riayət olunması barədə müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını yerinə yetirməlidirlər;
  7. nəqliyyat, yol, kommunal və digər müəssisə və təşkilatların vəzifəli şəxsləri, yolda hər hansı bir iş aparan fəhlələr, eləcə də digər şəxslər müəyyən edilmiş yol hərəkəti qaydalarına təsir göstərə biləcək maneələr yaratmaqdan və başqa hərəkətlərdən çəkinməlidirlər.

II. Yol hərəkəti qaydalarına riayət edən yol hərəkətinin hər bir iştirakçısı digər şəxslərdən həmin qaydaların tələblərini gözləməyi tələb edə bilər.

III. Yol hərəkəti iştirakçılarının:

  1. təhlükəsiz və rahat yol hərəkəti şəraitinə malik olmaq, yolların, küçələrin, meydanların və dəmiryol keçidlərinin hərəkətin təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək;
  2. müvafiq icra hakimiyyəti orqanları və yol sahibləri qüvvədə olan qanunvericiliyi pozduqda, onların hərəkətlərindən məhkəməyə şikayət etmək;
  3. hidrometeorologiya, yol, kommunal və başqa təşkilatlardan yol hərəkət şəraiti haqqında məlumat almaq hüquqları vardır.

Maddə 37. Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri

I. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü:

  1. sürücülük vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır;
  2. müvafiq icra hakimiyyəti orqanı əməkdaşının tələbi ilə nəqliyyat vasitəsini dayandırdıqda, göstərilən sənədləri yoxlanılması üçün təqdim etməlidir;
  3. yola düşməzdən qabaq nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir;
  4. yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir;
  5. hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir;
  6. konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli, motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir;
  7. üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, sağa dönmə işıq göstəricisini yandırmalı, həmin nəqliyyat vasitələri üçün zolağı boşaltmalı;
  8. alkoqol, narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməlidir;
  9. yolda su və ya palçıq olduqda, nəqliyyat vasitəsini idarə edərkən, onların piyadalara, binalara və başqa nəqliyyat vasitələrinə sıçramamasına çalışmalıdır;
  10. hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmasını təmin etməlidir;
  11. yol hərəkətinin ən müdafiəsiz iştirakçılarının - uşaqların, əlillərin, velosipedçilərin və qocaların təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməlidir;
  12. müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən verilən işarəyə nəqliyyat vasitəsini dayandırmalıdır;
  13. sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir;
  14. nəqliyyat vasitəsini idarə etmək qabiliyyətinin təsdiqi üçün müəyyən olunmuş hallarda tibbi müayinədən keçməlidir;
  15. təcili tibi yardıma ehtiyacı olan şəxsləri daşımalıdır.

IV. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı:

  1. nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı;
  2. zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, «Təcili tibbi yardım» maşını çağırmalı;
  3. başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır;
  4. hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər verməli.

V. Sürücüyə qadağandır:

  1. nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətmək;
  2. nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək;
  3. hərəkət zamanı sükanı əlindən buraxmaq, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etmək;
  4. nəqliyyat vasitəsinin təkərlərində palçıq varsa örtüyü təkmilləşdirilmiş yollarda hərəkət.

Maddə 38. Velosipedçinin vəzifələri

Mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməli və bunun üçün:

  1. texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən istifadə etməlidir;
  2. velosipedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan yük və ya sərnişin daşımamalıdır.

Maddə 39. Mal-qara ötürənlərin vəzifələri

Mal-qara ötürənlər:

  1. mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər;
  2. sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər;
  3. mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər.

Maddə 40. Piyadanın vəzifələri

I. Piyada:

  1. səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli;
  2. dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə keçməlidir;
  3. yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə nəqliyyat vasitələrinin hərəkəti istiqamətinə qarşı getməlidir;
  4. ümumi istifadədə olan nəqliyyat vasitəsini yalnız minik meydançalarında və ya səkidə gözləməlidir;
  5. hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya svetoforun işarəsini əsas tutmalıdır;
  6. yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdır;
  7. üstün keçid hüququ olan nəqliyyat vasitəsi yaxınlaşdıqda, yolun hərəkət hissəsini keçməməlidir;
  8. dayanmış nəqliyyat vasitəsinin arxasından yola çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməlidir;
  9. görünmə zonasında keçid olmadıqda yolu düzbucaq altında keçməlidir;
  10. sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidir.

II. Piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən sonra çıxa bilər.

III. Keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər.

IV. Mütəşəkkil piyada dəstələrinə yalnız nəqliyyat vasitələrinin hərəkəti istiqamətində, yolun hərəkət hissəsinin sağ tərəfi ilə, bir sırada dörd nəfərdən çox olmayan dəstə ilə getməyə icazə verilir.

V. Uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayiəti ilə ancaq səki ilə aparmağa icazə verilir.

Maddə 41. Sərnişinin vəzifələri

Sərnişin:

  1. nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə, səkidən yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra minib-düşməlidir;
  2. hərəkət vaxtı sürücünün diqqətini nəqliyyat vasitəsini idarə etməkdən yayındırmamalıdır;
  3. təhlükəsizlik kəməri olan avtomobildə gedərkən kəməri bağlamalı, motosikletdə isə motoşlem geyinməlidir.

Maddə 42. Hərəkətə başlama, manevr etmə

I. Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda isə əl işarələri ilə siqnal verməlidir.

II. Əl işarələri:

  • Yana uzadılmış sol qol = sola dönmə siqnalı
  • Yana uzadılmış sağ qol = sağa dönmə siqnalı
  • Yuxarı qaldırılmış qol = tormozlama siqnalı

III. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir.

IV. Sürücü yola bitişik ərazidən yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara yol verməlidir.

V. Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir.

VI. Sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır.

VII. Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin.

XII. Geriyə dönmək qadağandır:

  1. piyada keçidlərində;
  2. tunellərdə;
  3. körpülərdə, estakadalarda və onların altında;
  4. dəmiryol keçidlərində;
  5. ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə;
  6. ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarında.

XV. Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yol ayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.

Maddə 43. Avtomagistrallarda hərəkət

I. Nəqliyyat vasitələrinin sürücüləri avtomagistrala girdikdə, avtomagistralda hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.

II. Avtomagistrallarda qadağandır:

  1. piyadaların, mal-qaranın, at-araba nəqliyyatının, velosipedlərin, mopedlərin, sürəti saatda 50 km-dən az olan nəqliyyat vasitələrinin hərəkəti;
  2. icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakılarda hərəkəti;
  3. xüsusi dayanacaq meydançalarından kənarda dayanmaq;
  4. geriyə dönmək və ayırıcı zolağın texnoloji kəsiklərinə girmək;
  5. geriyə hərəkət etmək;
  6. sürmə təlimi keçmək.

Maddə 44. Dəmiryol keçidlərində hərəkət

I. Nəqliyyat vasitələrinin sürücüləri dəmir yollarını qatara yol verməklə, yalnız dəmiryol keçidlərində keçə bilərlər.

II. Sürücü dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, şlaqbaumun vəziyyətini və yaxınlaşan qatarın olmadığını yəqin etməlidir.

III. Keçidə girmək qadağandır:

  1. şlaqbaum bağlı olduqda və ya bağlanmağa başladıqda;
  2. svetoforun qadağan siqnalı yandıqda;
  3. keçid növbətçisi qadağan siqnalı verdikdə;
  4. keçiddən o tayda tıxac yarandıqda;
  5. keçidə qatar yaxınlaşdıqda;
  6. qarşıdan hərəkət zolağına girməklə, keçid qarşısında dayanmış nəqliyyat vasitələrinin yanından keçib getmək.

IV. Keçiddən hərəkət qadağan olunan hallarda sürücü stop-xəttin yanında, bunlar olmazsa, şlaqbauma azı 5 metr qalmış, şlaqbaum olmadıqda isə birinci relsə azı 10 metr qalmış dayanmalıdır.

V. Sürücü keçiddə məcburi dayandıqda, adamları dərhal nəqliyyat vasitəsindən düşürməli və keçidi boşaltmaq üçün tədbirlər görməlidir.

Maddə 45. Yaşayış zonalarında hərəkət

I. Yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun hərəkət hissəsində icazə verilir. Yaşayış zonasında piyadalara üstünlük verilir.

II. Yaşayış zonasında qadağandır:

  • saatda 20 kilometrdən artıq sürətlə hərəkət etmək;
  • sürmə təlimi keçmək;
  • mühərriki söndürmədən durmaq;
  • icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin durması.

III. Sürücülər yaşayış zonasından çıxarkən, hərəkətin digər iştirakçılarına yol verməlidirlər.

IV. Bu maddənin tələbləri həyət ərazilərinə də şamil edilir.

Maddə 46. Velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblər

I. Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar.

II. Velosiped və moped sürücülərinə qadağandır:

  1. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla hərəkət etmək;
  2. qabaritlərdən 0,5 metrdən artıq kənara çıxan yük aparmaq;
  3. velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək;
  4. tramvay hərəkəti olan yollarda sola və ya geriyə dönmək;
  5. sərnişin daşımaq;
  6. nasaz velosipeddən istifadə etmək;
  7. velosipedləri və mopedləri yedəyə almaq.

III. Yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped və moped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.

Maddə 47. At arabalarının sürülməsinə və mal-qaranın ötürülməsinə dair tələblər

I. At arabalarının, yük və minik heyvanlarının yalnız yolun sağ kənar zolağından mümkün qədər sağ tərəfdə bir cərgədə hərəkətlərinə icazə verilir.

II. Yola bitişik ərazidən çıxan zaman görünmə məhdud olan yerdə at arabasının sürücüsü heyvanı cilovundan tutaraq əsas yola çıxarmalıdır.

III. Ötməni asanlaşdırmaq üçün at arabaları sayı 5-dən çox olmayan dəstələrə bölünməlidirlər, bu dəstə və sürülər arasındakı məsafə ən azı 80-100 metr olmalıdır.

IV. Mal-qaranı yolda sutkanın işıqlı vaxtı və nəzarət etməklə ötürmək lazımdır.

VI. At arabası sürücülərinə və mal-qara ötürənlərə qadağandır:

  1. mal-qaranı yolda nəzarətsiz qoymaq;
  2. mal-qaranı xüsusi ayrılmış yerlərdən kənarda, sutkanın qaranlıq vaxtında keçirmək;
  3. mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək.

Qeyd: At arabaları işığı əks etdirən qurğu ilə, sutkanın qaranlıq vaxtı isə, həm də fənərlərlə təchiz olunmalıdırlar.

Maddə 48. Nəqliyyat vasitələrinin üstün hərəkət rejimi

I. Üstündə «polis», «təcili tibbi yardım», «yanğınsöndürən» yazılar olan nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər. Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar.

II. Yuxarıda nəzərdə tutulmuş nəqliyyat vasitələrindən biri yaxınlaşdıqda, digər nəqliyyat vasitələrinin sürücüləri sağa dönmə işıq göstəricisini yandırmalı, üstün hərəkət rejimi ilə gedən nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdırlar.

III. Yolayrıcından kənarda tramvay relssiz nəqliyyat vasitələrinə nisbətən üstünlüyə malikdir (depodan çıxması hallarından başqa).

IV. Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti və dayanması qadağandır.

V. Yaşayış məntəqələrində sürücülər işarələnmiş dayanacaqdan hərəkətə başlayan trolleybuslara və avtobuslara yol verməlidirlər.

Maddə 49. Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi

I. Normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır.

II. Hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır.

III. Üç hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında orta zolağa keçməyə yalnız ötmə, yandan keçmə və sola, yaxud geriyə dönmə üçün icazə verilir.

IV. Eyni istiqamətdə azı iki hərəkət zolağı olan yolda tramvay yollarına çıxmaq qadağandır.

V. Eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda intensiv hərəkət vaxtı tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri sol kənar hərəkət zolağını tutmamalıdır.

VI. Nəqliyyat vasitələrinin sürücüləri intensiv hərəkət vaxtı yalnız sola və ya sağa dönmək, ötməyə hazırlaşmaq, dayanacağa və ya duracağa çıxmaq üçün hərəkət zolağını dəyişə bilərlər.

Maddə 50. Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi

I. Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir.

II. Sürət məhdudiyyətləri:

Nəqliyyat vasitəsi Yaşayış məntəqəsi Avtomobil yolu Digər yollar
Minik avtomobilləri 60 km/s 110 km/s 90 km/s
Avtobuslar, motosikletlər 60 km/s 90 km/s 90 km/s
Yük avtomobilləri (3.5t-dan çox) 60 km/s 90 km/s 70 km/s
Banında adamlar daşıyan yük avtosu 50 km/s
Yedəyə alan nəqliyyat vasitəsi 50 km/s
Həyət ərazilərində 20 km/s

III. Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.

VI. Sürücülərə qadağandır:

  1. nəqliyyat vasitəsini texniki xarakteristikası üzrə müəyyən edilmiş maksimum sürətdən artıq sürmək;
  2. lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq;
  3. YNH-nin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq.

Maddə 51. Ötmə və qarşılıqlı keçmə

I. Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki:

  1. girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur;
  2. eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb;
  3. özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə siqnalı vermir;
  4. qarşıdan gələn nəqliyyat vasitələri üçün təhlükə yaratmadan ötməni başa çatdırmaq mümkündür.

II. Relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir.

IV. Hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin sürücüsünə maneçilik törətmək qadağandır.

V. Ötmə qadağandır:

  1. nizamlanan yolayrıcılarında və nizamlanmayan yolayrıcılarında baş yol olmayan yolla hərəkət etdikdə;
  2. piyada keçidlərində - piyadalar olduqda;
  3. dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda;
  4. ötən və ya yanından keçən nəqliyyat vasitəsini;
  5. yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində;
  6. tunellərdə.

VI. Yaşayış məntəqələrindən kənarda asta gedən nəqliyyat vasitəsini ötmək çətinləşdikdə, sürücü nəqliyyat vasitəsini mümkün qədər sağa çəkməli, lazım gəldikdə isə arxasında yığılmış nəqliyyat vasitələrini buraxmalıdır.

VII. Qarşılıqlı keçmə çətinləşən hallarda - hansı sürücü tərəfdə maneə varsa, həmin sürücü yol verməlidir.

Maddə 52. Dayanma və durma

I. Nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir.

II. Yolun sol tərəfində dayanmağa yaşayış məntəqələrində tramvay yolu olmayan birtərəfli hərəkət yollarında icazə verilir.

III. Yaşayış məntəqəsindən kənarda uzunmüddətli dincəlmə üçün durmağa yalnız bu məqsədlə düzəldilmiş meydançalarda və ya yoldan kənarda icazə verilir.

IV. Dayanma qadağandır:

  1. tramvay yollarında;
  2. dəmiryol keçidlərində, tunellərdə, körpülərdə, estakadalarda;
  3. dayanmış nəqliyyat vasitəsi arasında 3 metrdən az məsafə olan yerlərdə;
  4. piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda;
  5. görmə məsafəsi 100 metrdən az olan yerlərdə;
  6. yolayrıclarında kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda;
  7. dayanacaq yerini işarə edən nişanlara 15 metrdən az yaxınlıqda;
  8. svetoforun, yol nişanlarının qarşısını tutmaqla digər sürücülərin bunları görməsinə mane olan yerlərdə;
  9. avtomagistrallarda xüsusi meydançalardan kənarda.

VI. Durma qadağandır:

  1. dayanmanın qadağan edildiyi yerlərdə;
  2. yaşayış məntəqələrindən kənarda - yolların hərəkət hissəsində;
  3. 5.1 nişanı ilə işarələnmiş yerlərdə;
  4. dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda;
  5. girişin, habelə darvaza qarşısında.

V. Nəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı və qapıları kilidləməlidir.

Maddə 53. Parklanma

I. Nəqliyyat vasitələrinə xüsusi olaraq ayrılan, nişanlarla və ya nişanlama xətti ilə işarələnən yerlərdə parklanmağa icazə verilir.

II. Yol hərəkətinin təhlükəsizliyini təmin etməyən yerlərdə və yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin parklanması qadağandır.

Maddə 54. Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanması

I. Nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar.

II. Əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.

III. Əgər piyada keçidindən o biri tərəfdə tıxac yaranıbsa və bu, sürücünü piyada keçidində dayanmağa məcbur edəcəksə, onun piyada keçidinə girməsi qadağandır.

IV. Sürücü yaşayış məntəqələrində, piyada keçidlərindən kənarda ağ çəliklə işarə verən kor piyadalara yol verməlidir.

V. Əgər ümumi istifadədə olan nəqliyyat vasitəsinə minmə və ya ondan düşmə yolun hərəkət hissəsində aparılırsa, sürücü dayanacaqda duran ümumi istifadədə olan nəqliyyat vasitəsinə doğru gedən və ya ondan düşüb gedən sərnişinlərə yol verməlidir.

VI. «Uşaqlar» tanınma nişanı olan dayanmış nəqliyyat vasitəsinə yaxınlaşarkən, sürücü sürəti azaltmalı, lazım gəldikdə dayanmalı və uşaqlara yol verməlidir.

Maddə 55. Nasaz nəqliyyat vasitələri və onların yedəyə alınması

I. Nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda yolun çiyininə çəkməli və texniki yardım xidmətinə məlumat verməlidir.

II. Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda sürücü qəza dayanması işıq siqnalını yandırmalı və qəza dayanması nişanını quraşdırmalıdır.

III. Qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə quraşdırılır.

V. Yedəyə alma qaydaları:

  1. yedəyə alan nəqliyyat vasitəsinin sükanı arxasında azı bir il sürücülük təcrübəsi olan sürücü əyləşməlidir;
  2. yedəyə alınan nəqliyyat vasitəsinin sükanı arxasında müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olan şəxs əyləşməlidir;
  3. yedəyə alan nəqliyyat vasitəsinin sürücüsü hərəkətə başladıqda yaxın işıq faralarını yandırmalıdır;
  4. nəqliyyat vasitəsi öz kütləsindən artıq olan nəqliyyat vasitəsini yedəyə almamalıdır;
  5. yedəyə alma zamanı hərəkət sürəti 50 km/saatdan artıq olmamalıdır.

Yedəyə alma qadağandır:

  • sükan mexanizmi nasaz olan nəqliyyat vasitəsini yedəyə almaq (qismən yükləmə üsulu ilə yedəyə almaq istisnadır);
  • motosikletlərlə (yanqoşqusu olmayan) və motosikletləri yedəyə almaq;
  • buz örtüklü yolda çevik birləşmə ilə yedəyə almaq;
  • avtobuslarda, trolleybuslarda və tramvaylarda sərnişin olduqda yedəyə almaq;
  • birləşmiş nəqliyyat vasitəsini yedəyə almaq;
  • iki və daha artıq nəqliyyat vasitəsini yedəyə almaq.

Mənbə: Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi - dyp.gov.az

Bu sayt daha yaxşı istifadəçi təcrübəsi üçün cookie-lərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə, məxfilik siyasətimizi qəbul etmiş olursunuz.